1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar 4 nömrəli Uşaq- gənclər yaradıcılıq mərkəzinin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında olublar.
Kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, ondan istifadə qaydaları, fondu, kitabxanada təşkil edilən tədbirlər, kitab təqdimatları, sərgilər, oxuculara təqdim edilən elektron xidmətlər, kitabxananın rəsmi saytı haqqında məlumat veriblər.
Məktəblilər kitabxananın musiqi bölməsində saxlanılan nadir qrammofon valları, not nəşrləri ilə tanış olublar.
Uşaq ədəbiyyatı sərgisi ilə tanış olan məktəblilərə kitabxananın fondunda saxlanılan Azərbaycan, rus və digər dillərdə olan uşaq ədəbiyyatı haqqında geniş məlumat verilib.
Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva və Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsinin müdiri Qənirə Əliyeva Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” kəlamının uşaqlara olan məhəbbətinin təzahürü olduğunu qeyd edərək Azərbaycan dövlətinin uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsinə həssaslıqla yanaşdığını bildiriblər.
Görüş zamanı yaradıcılıq mərkəzindəki “Məktəb teatrı” dərnəyinin üzvləri görkəmli dramaturq Cəfər Cabbarlının “Dilarə” hekayəsi əsasında səhnəciklər nümayiş etdiriblər.