Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş konserti keçirilib. 

Proqramda Dövlət Uşaq Filarmoniyasının qız və oğlanlardan ibarət rəqs ansamblı, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

***

Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən kollektivlər də uşaqların bayramına öz töhfələrini veriblər.

Bu münasibətlə keçirilən konserti açıq elan edən aparıcılar bayram münasibətilə balaca tamaşaçılara təbriklərini çatdırıb, onlara xoşbəxt və sağlam gələcək arzulayıblar.

Konsertdə Mədəniyyət Sarayının “Lalələr” rəqs ansamblı, “Azad” və “Kiçik qala” rəqs qrupları, bədii-qiraət dərnəyinin fəal üzvü, “İnci” körpələr evi-uşaq bağçasının balacaları şeir, mahnılar və rəqslərlə çıxış ediblər.

Sonda fəal iştirakçılara Mədəniyyət Sarayı tərəfindən diplomlar təqdim olunub.