Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi həyata keçirilir.
Yeni layihə mədəniyyətin təşviqi, mədəni gündəlik həyat tərzinin formalaşması, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənclərin zəngin təcrübə mübadiləsinin təşkili məqsədi daşıyır.
Layihənin iyunun 1-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində keçirilən ilk görüşünün qonağı tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova olub. Tədbir Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunub.
Ü.Hacıbəyova keçdiyi sənət yolundan söz açıb, hər bir yaradıcı insanın həyatındakı uğurun, gərgin əmək bahasına qazanıldığını qeyd edib. O, peşəkar Azərbaycan musiqisinin inkişafı, Hacıbəylilər nəslinin Azərbaycan musiqi mədəniyyəti tarixində rolu barədə danışıb.
Görüş zamanı uşaq musiqi məktəblərinin pianoçu şagirdləri tərəfindən Ü.Hacıbəylinin “Cəngi”, P.Morisin “Marş”, “Vals”, Q.Qarayevin “İnsan məskən salır” filminə yazdığı musiqi səsləndirilib.
Uşaqlar üçün muzeyə maraqlı ekskursiya təşkil olunub və onlara bayram hədiyyələri verilib.
“Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxtda və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.