Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünas, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin edilib.
Mayın 31-də yeni direktor muzeyin kollektivinə təqdim olunub.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Əminə Məlikovanı təyinat münasibətilə təbrik edib, onun muzey işi sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Deyib ki, onun bu sahədə həyata keçirdiyi layihələr hər zaman maraqla qarşılanıb. Nazir müavini yeni direktora və muzeyin kollektivinə işlərində uğurlar arzulayıb.
Əminə Məlikova göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Qeyd edib ki, Milli Xalça Muzeyinin kollektivi ona doğma və əzizdir, dəfələrlə bu muzeylə birgə layihələr reallaşdırılıb. O, Milli Xalça Muzeyinin kollektivi ilə uğurlu işlərə imza atacağına əminliyini ifadə edib.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova və muzeyin məsul işçiləri çıxış edərək Əminə Məlikovaya yeni vəzifəsində uğurlar arzulayıblar.