Şotlandiyanın Qlazqo Universitetində hər il ənənəvi olaraq keçirilən “UNESCO yay məktəbi”ndə Qlazqo Azərbaycan Cəmiyyətinin üzvləri də iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qlazqo Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Yay məktəbi” çərçivəsində tədbir keçirilib.
Dövlət Komitəsindən bildirilib ki, tədbirin birinci hissəsində Qlazqo Azərbaycan Cəmiyyətinin üzvü, Qlazqo Universitetinin tələbəsi Samirə Həsənzadə “Yay məktəbi”nin iştirakçılarına Azərbaycan dili dərsini tədris edib.
İştirakçılara ana dilimizin və milli mədəniyyətimizin rəngarəngliyini əks etdirən videoçarxlar təqdim olunub, Azərbaycanın tarixi yerləri və şanlı Zəfərimiz haqqında müxtəlif kitablar sərgilənib.
Zəngin mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən stendə baxan qonaqlar Azərbaycan xalçaçılığı, milli geyimləri və musiqisi ilə tanış olublar.
Tədbirin “Azərbaycan çay süfrəsi” adlı ikinci hissəsində Qlazqo Universitetinin tələbələri Samirə Həsənzadə, Nərmin Əliyeva, Şəbnəm Məmmədova və Şamxal Qənizadə xarici qonaqlara çayın hazırlanması və süfrəyə təqdim edilməsi prosesi barədə ətraflı danışıblar. Qonaqlara milli şirniyyatlarımız – şəkərbura və paxlava haqqında məlumat verib, nümunələr təqdim ediblər.
Stenddə kəlağayıya, milli qadın və kişi geyimlərimizə böyük maraq göstərilib.
Tamaşaçıların zövqünü oxşayan konsert alqışlarla qarşılanıb.