Azərbaycan Yazıçılar Birliyində (AYB) “Qədir Aslan – 80” kitabının təqdimat mərasimi keçirilib. Kitab yazıçı, publisist, Əməkdar jurnalist Qədir Aslanın 80 illik yubileyi münasibətilə çap olunub.

Təqdimat mərasimində AYB-nin rəhbərliyi, tanınmış elm, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.

Tədbirdən əvvəl AYB-nin sədri Xalq yazıçısı Anar Qədir Aslanla görüşərək qurumun onun zəngin yaradıcılığına yüksək qiymət verdiyini bildirib. Yubilyara xoş və səmimi arzularını çatdıran Anar Qədir Aslana birliyin fəxri üzvlük vəsiqəsini təqdim edib.

Sonra AYB-nin Natəvan klubunda “Qədir Aslan – 80” xatirat kitabı oxuculara təqdim olunub.

AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu bildirib ki, kitabda Qədir Aslanın müxtəlif dövrlərdə yazdığı məqalələri ilə yanaşı, Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət və ictimai xadimlərinin yubilyarın zəngin yaradıcılığı ilə bağlı fikirləri və xoş xatirələri yer alıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid kitabı yüksək qiymətləndirib, yubilyara MŞ-nin fəxri diplomunu təqdim edib.

Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, Əməkdar artist Rafiq Həşimov, filologiya elmləri doktoru Almaz Ülvi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və digərləri çıxış ediblər.

Qədir Aslan yaradıcılığına verilən yüksək dəyərə və kitaba görə Yazıçılar Birliyinə minnətdarlığını bildirib.