“Circus Sea Breeze” yay mövsümünü Luna Park zonasındakı mənzərəli meydançada möhtəşəm təqdimatla açıb.

AZƏRTAC xəbər verir ki, layihənin təsisçiləri “Sea Breeze Resort” kurort şəhərinin sahibi, Azərbaycanın Xalq artisti Emin Ağalarov və dünyaşöhrətli sirk artisti, nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən sirk “Oskar”ı laureatı Allahverdi İsrafilovdur. Onlar qırmızı xalça üzərindən keçərək qırmızı lenti kəsiblər və bununla da Xəzərin sahilində ilk dəfə 1250 oturacaq yerlik çadırı olan sirk şapitosunun açıldığını elan ediblər.

Təşkilatçılar tədbirə toplaşanları salamlayaraq yeni sirkin bütün keyfiyyətli əyləncəni sevən həvəskarlar üçün cəlbedici məkana çevriləcəyinə əmin olduqlarını bildiriblər. Emin Ağalarov cəmi üç həftə ərzində “sıfırdan” yaradılmış belə əhəmiyyətli layihəni həyata keçirə bildiyi üçün xoşbəxt olduğunu deyib.

“Zənnimcə, bu sirk “Sea Breeze”ə bənzərsiz rəngarənglik qatacaq və tamaşaçıları parlaq tamaşalarla sevindirəcək. Bir əla xəbərim də var: Biz indi “Sea Breeze”də, Azərbaycanda ilk dəfə delfinariumun layihələndirilməsi ilə fəal şəkildə məşğul oluruq”, - E.Ağalarov qeyd edib.

Sirk tamaşasının ilk şousu - “Monte-Karlonun əfsanələri” beynəlxalq proqramı dünyanın ən nüfuzlu sirk festivallarından birinin ifaçılarının iştirakı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilib və xeyriyyə xarakteri daşıyıb. Açılış mərasiminə valideyn himayəsindən məhrum olmuş minə yaxın uşaq və əlilliyi olan uşaqlar dəvət olunub.

“Circus Sea Breeze”in zolaqlı sirk çadırının uzaqdan tamaşaçıları cəlb etdiyi, hava akrobatları və gimnastların sığortasız çıxış etdiyi və tamaşaçıların arenaya yaxınlığının coşqunu daha da artırdığı əyləncəli şapitoda nostalji ab-hava hökm sürürdü. “Monte Karlonun əfsanələri” proqramında məşhur festivalın sənətçiləri, beynəlxalq festivalların mükafatçıları iştirak edirdilər: məşhur “Diabolo” şousu ilə Kalaşnikov qardaşları, hava gimnastları - Almaniyadan olan Anna Leon və belaruslu Yelena Blotskaya, kloun Roman Boyko, fantastik halqalar şousu ilə Natalya Spiridonova, Ukraynanın “Flash” akrobatik dueti və başqaları.

“Proqram Avropa səviyyəli müxtəlif sirk sənəti janrları ilə çox zəngin və maraqlı oldu. Məqsədimiz Azərbaycanda sirk sənətinin inkişaf etdirilməsidir. Biz, həmçinin beynəlxalq festivallar təşkil edəcəyik”, - deyə Allahverdi İsrafilov bildirib.

İyunun 8-dən sentyabrın 1-dək uşaqları və böyükləri mürəkkəb akrobatik fəndlər, virtuoz jonqlyor çıxışları, əsl möcüzə və yaddaqalan ekvilibrist şousu gözləyir. Vindzor Kral At Şousunun tamaşaçılarını öz çıxışları ilə heyran qoyan möhtəşəm Qarabağ atları isə igidlərin rəhbərliyi ilə inanılmaz sürət və füsunkar yarış nümayiş etdirəcəklər.

“Ötən mövsümdə Bakı Dövlət Sirki 110 min tamaşaçı qəbul edib. İndi isə sirk şousu ilk dəfə yay mövsümündə keçiriləcək. Bu, Bakıda beynəlxalq proqramların təqdim ediləcəyi ilk yarımstasionar sirkdir. Hər kəsi bənzərsiz tamaşalarımıza dəvət edirik”, - deyə “Cirсus Sea Breeze” layihəsinin direktoru Nərulla Sultanov qeyd edib.

Tamaşalara biletləri şəhərin bütün kassalarından və iticket.az veb-saytından onlayn əldə etmək mümkündür.