"Gamesummit" layihəsi artıq üçüncü dəfədir ölkəmizdə keçirilir. Bu layihə ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan Rəqəmsal Yaradıcı Həftəsonu layihəsi çərçivəsində təşkil olunub. Bu silsilədən bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur. Əlbəttə ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində keçirilən "Gamesummit" festivalı ən böyük və ən maraq kəsb edən bir tədbirdir. Hazırda burada minlərlə insan, onlarla yerli təşkilat və eyni zamanda xarici şirkətlər təmsil olunur.
Bu barədə danışan Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib.
Rəşad Əzizov qeyd edib ki, oyun sənayesi hazırda dünyada maraq kəsb edən yeni sənaye növlərindəndir. "Artıq rəqəmlər sübut edir ki, oyun sənayesi artıq gələcəyin yeni bir peşəsidir. Yəni ənənəvi yaradıcı sənayelər, xüsusi olaraq audiovizual sənayelər məhz bu istiqamətdə inkişaf etməlidir. Çünki audiovizual sahə artıq interaktivliyi özündə ehtiva edir. Oyun sənayesinin inkişafı dedikdə biz burada həm təbliğat işlərinin keçirilməsi, eyni zamanda bacarıqların artırılmasını nəzərdə tuturuq. Çünki qısamüddətli kurs nəticəsində insanlar bu yeni peşəyə sahiblənə bilərlər”.
Onun sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyi Sosial-iqtisadi İnkişaf Strategiyası çərçivəsində aparılan siyasət nəticəsində bu sahəyə xüsusi diqqət yetirir: “Mədəni və Yaradıcı Sənayelər İnkişaf Mərkəzində oyun sənayesi sahəsində biznes inkubasiya proqramı həyata keçirilir və keçən ildə artıq yeni 6 studiya fəaliyyətə başlayıb. Onlar artıq öz məhsullarını bu gün burada, bu sərgidə nümayiş etdirirlər. Hazırda ölkəmizdə 20-dən çox oyun studiyası mövcuddur. Onların sırasında uğur qazananlar çoxdur. Əsas məsələ komandaların formalaşması və bu sahəyə investisiyaları cəlb etməkdir. Sadəcə, bu sahədə vahid bir siyasətin formalaşması zəruridir. Hazırda Mədəniyyət Nazirliyi bu istiqamətdə Yol xəritəsinin hazırlanması ilə məşğuldur. Artıq ilkin mərhələdə sənaye nümayəndələri və dövlət qurumları ilə müzakirələr aparılıb və yekun sənəd hazır olduqdan sonra hökumətə təqdim olunacaqdır", - deyə R.Əzizov əlavə edib.