Xəbər verdiyimiz kimi, 31 may – 3 iyun tarixlərində Bakıda və Şuşada “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir.
Layihə çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”ın əməkdaşlığı ilə Bakı Kristal Zalında (“Baku Crystal Hall”) “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı təşkil edilib.
Əvvəlcə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videoçıxışı dinlənilib.
Açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb. Qeyd edib ki, Mədəniyyət Nazirliyi bu layihəni ICESCO ilə birlikdə icra etməkdədir: "Çox şadıq ki, bu platforma irimiqyaslı layihəyə çevrilib. Biz gələcəkdə bu platformanı inkişaf etdirmək üçün yeni təşəbbüslər irəli sürəcəyik".
Azərbaycanla ICESCO arasında əməkdaşlığa toxunan nazir müavini söyləyib ki, bu günə kimi ölkəmizin bu qurumla məhsuldar əməkdaşlığı olub: "Buna nümunə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsini qeyd edə bilərik. Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi mötəbər bir hadisədir. Sizlər sabah Şuşaya səfər zamanı bu qədim şəhərimizin necə bariz bir şəkildə islam mədəniyyətini ehtiva etdiyini öz gözlərinizlə görəcəksiniz".
ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif qonaqpərvərliyə görə ölkəmizə təşəkkür edib, dünya finalında iştirak edən komandalara uğurlar arzulayıb. Tədbir çərçivəsində layihə iştirakçılarının Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olacağına əminliyini bildirib.
"New Space Open Innovation”ın təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib. Qeyd olunub ki, layihə ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf üzrə təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir: "Biz 3 il əvvəl bu layihəyə başlayanda heç təsəvvür edə bilməzdik ki, bu gün Azərbaycanda belə möhtəşəm dünya finalı keçiriləcək. Dünya finalında 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan 30-dan çox innovativ komanda iştirak edir. Finalın ümumi mükafat məbləği 30 min ABŞ dollarıdır".
Çıxışlardan sonra startap komandaları öz ideyalarını təqdim ediblər.
Qaliblərin adlarına iyunun 3-də Şuşada keçiriləcək mükafatlandırılma mərasimində aydınlıq gələcək.
Qeyd edək ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Bu akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.
Nurəddin