Mayın 31-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş çağdaş Azərbaycan uşaq ədəbiyyatı nümayəndələri ilə görüş keçirilib.

Görüşdə muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli çağdaş uşaq ədəbiyyatının görkəmli nümayəndələri professor Zahid Xəlil və filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun yaradıcılıqlarından söz açıb.

Tədbirdə çıxış edən Zahid Xəlil və Rafiq Yusifoğlu məktəbliləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara təhsil illərində uğur, müvəffəqiyyət diləyiblər.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiqin təqdimatında məktəblilərin çıxışları təqdim olunub.

Tədbirdə ənənəvi olaraq muzey əməkdaşlarının övladları çıxış ediblər.

Bakının müxtəlif məktəb və liseylərində təhsil alan məktəblilər Zahid Xəlilin “Çinar”, “Uzun yol”, “Bizim məktəb”, “Laçın”, “Külək”, “Gömbəgöy”, “Üç rəfiqə” şeirlərini, “Sehrli bağban”, “Ballı və Xallı” hekayələri əsasında hazırlanmış səhnəciklərini, Rafiq Yusifoğlunun isə “Böyümüşəm”, “Mən ayıdan küsmüşəm”, “Ulu Öndər”, “Zəfər bayrağına dönüb lalələr”, “Ağacın təşəkkürü”, “Bir dəqiqəlik sükut”, “Bir dilim yemişin nağılı”, “Hərflər”, “Gözlərin aydın, Şuşa!”, “Müəllim” və “Əsl dost necə olar?” şeirlərini təqdim ediblər.

Bu nümunələrin hazırlanmasında muzey əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın, səhnə quruluşunda isə rəssamlardan Lalə Babayeva və Elina Lobodenkonun dəstəyi olub.

Daha sonra Zahid Xəlil və Rafiq Yusifoğlu maraqlı tədbirə dəvət aldıqları üçün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təşəkkürlərini bildiriblər.

Sonda muzeyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran Qəmbərli məktəblilərə fəxri fərmanlar və Rafiq Yusifoğlunun hədiyyəsini – “Göyərçin” jurnalını təqdim edib.