İstanbul şəhərində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, İstanbul Ticarət Universitetinin, Konya Böyükşəhər Bələdiyyəsinin, İnsan və Mədəniyyət Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Zamanı aşan miras: İpək Yolu” adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) strateji inkişaf üzrə prorektoru Araz Aslanlı məruzə ilə çıxış edib.
Bu barədə universitetdən məlumat verilib.
Simpoziumda İpək Yolunun yaranması, onun bəşər tarixindəki yeri, İpək Yolu üzərindəki Türk dövlətləri və şəhərlərinin bu prosesdə iştirakı, müasir dövrdə bu yolun bərpasının siyasi, iqtisadi, mədəni və ümumiyyətlə, müxtəlif istiqamətlər üzrə beynəlxalq əhəmiyyəti barədə məruzələr dinlənilib. Beynəlxalq elmi tədbirdə İpək Yolunu təmsil edən bütün dövlətlərin ali təhsil müəssisələrinin nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər.
Tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin dosenti Boran Əziz və ATMU-nun prorektoru Araz Aslanlı təmsil edib. Boran Əziz “Qarabağnamələr”də Şuşanın Türk dünyası üçün dini və elmi əhəmiyyəti”, Araz Aslanlı isə “Cənubi Qafqazda yeni geosiyasi şərait: Zəngəzur dəhlizi və Yeni ipək yolu” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, Araz Aslanlının məruzə etdiyi “Türk dünyası üçün imkanlar” adlı paneldə Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun direktoru Okan Yeşilot, Ankara Hacı Bayram Veli Universitetinin fakültə dekanı Fırat Purtaş və digər alimlərin iştirakı ilə Zəngəzur dəhlizinin Türk dünyası və ümumiyyətlə yeni İpək Yolu üçün önəmi geniş müzakirə olunub.