95 illiyi münasibətilə evində ziyarət olunub

 

Mayın 30-da görkəmli baletmeyster, Azərbaycan balet sənətinin canlı əfsanəsi, Xalq artisti, Prezident təqaüdçüsü Maqsud Məmmədovun 95 yaşı tamam olub.

Bu münasibətlə iyunun 1-də mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirliyin məsul əməkdaşları sənətkarı evində ziyarət ediblər.

Nazir müavini sənətkarı yubileyi münasibətilə təbrik edib, cansağlığı arzulayıb. Qeyd olunub ki, peşəkar təhsil almış ilk azərbaycanlı balet artisti olan Maqsud Məmmədov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, qısa müddət ərzində özünü istedadlı, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi geniş tamaşaçı rəğbəti qazanıb.

Bildirilib ki, Maqsud Məmmədovun Azərbaycan balet sənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. “Xalq artisti” fəxri adına layiq görülən, “Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezident təqaüdçüsüdür.

Xalq artistinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qocaman sənətkar yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 1929-cu ildə Gəncədə dünyaya göz açan Maqsud Davud oğlu Məmmədov erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Burada yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib. Təhsilini başa vurduqdan sonra taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb. Dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), Polad (“Qız qalası”), Azad (“Gülşən), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) və s. böyük uğurla ifa edib.

Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə də çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğatçısına çevrilib.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova (1931–2024) ilə birgə quruluş verdiyi A.Əlizadənin “Babək”, T.Bakıxanovun “Xəzər balladası”, F.Qarayevin “Qobustan kölgələri” baletləri, R.Hacıyevin “Azərbaycan süitası” və başqa xoreoqrafik nümunələr hər ikisinə şöhrət qazandırıb.