Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünyaşöhrətli alim Əziz Səncər AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərlə görüşüb.

AMEA-dan bildirilib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Əziz Səncərin Türk dünyasının fəxri olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli çıxışında ötən il AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini qeyd edib. AMEA rəhbəri bildirib ki, Azərbaycan alimləri də bu istiqamətdə fəaliyyətdən çəkinməməli, Nobelə doğru addımlamalı, elmimizi dünyaya çıxarmaq üçün çalışmalıdırlar.

İsa Həbibbəyli Əziz Səncərlə Azərbaycan alimlərinin görüşünün onlara Nobel mükafatına aparan yolun çətinliklərini, psixoloji mərhələlərini aşmağa kömək edəcəyini vurğulayıb.

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü Əziz Səncər isə çıxışında AMEA rəhbərliyinə dəvətə görə minnətdarlığını bildirib, Azərbaycanda hər zaman ona göstərilən diqqətdən məmnun qaldığını söyləyib.

Daha sonra bir sıra müzakirələr aparılıb.

***

Mayın 31-də Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünyaşöhrətli alim Əziz Səcər AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu barədə AMEA-dan məlumat verilib.

İlk olaraq MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, dahi rəhbərin əziz xatirəsi anılıb. Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyasının elmi və mədəni əlaqələrinin güclənməsində xüsusi rolu olan qonağa kitabxananın yaranma tarixi haqqında ətraflı məlumat verib. Qonağı AMEA-nın təsisçi alimlərinin büstlərinin hər biri ilə ayrıca tanış edən akademik İsa Həbibbəyli onların elmi və yaradıcılıq fəaliyyətlərindən danışıb.

Qonaq Akademiklər zalındakı Diplomatik fondda müxtəlif ölkələrin Azərbaycandakı nümayəndəliklərinin, Türkiyə Cümhuriyyətinin, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin yeni yaranan guşələrindəki MEK-ə hədiyyə etdikləri ədəbiyyatlarla tanış olub. Akademiya rəhbəri Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən milli konsepsiya “Bir millət, iki dövlət” fikrindən bəhs edərək, konsepsiyada Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyədən ayrı heç vaxt nəzərdə tutulmadığını da vurğulayıb.

Dünyaşöhrətli alim kitabxana sistemində ilk olan I Qarabağ, Aprel və Tovuz döyüşləri, Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin şəhidləri, iştirakçıları, veteran və qaziləri haqqında 3000-dən artıq məlumat, 1500-dən artıq kitab, videomaterial, fotoşəkillərin yer aldığı MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub. Həmçinin Ulu Öndərin və Prezident İlham Əliyevin Qarabağda müxtəlif dövrlərdə çəkdirdikləri fotoşəkillərə, “Zəfər memarları”, “Biz qalib xalqıq!” guşələrinə, üzərində üç minə yaxın şəhid adının əks olunduğu Azərbaycan xəritəsinə baxıb.

Kitabxananın sərgi salonunda dəyərli alimin elmi fəaliyyətini və həyatının əsas məqamlarını özündə əks etdirən qəzet materialı, jurnal, kitab, eyni zamanda, şəkillərdən və videomateriallardan ibarət sərgiyə baxış keçirilib.

Akademiya rəhbəri İsa Həbibbəyli ənənəvi sərgidəki materialların MEK istifadəçilərinə əlçatan olması üçün “RoboRek” robotunun gəzərək videoformatda da görüntülədiyini diqqətə çatdırıb.

MEK-in direktoru dosent Hüseyn Hüseynov dünyaşöhrətli alimin yaradıcılığının bu elm ocağında xüsusi yeri olduğunu vurğulayıb.

Daha sonra Nobel mükafatı laureatı professor Əziz Səncər akademiya, o cümlədən MEK-lə tanışlıqdan məmnunluğunu ifadə edib. Alim MEK-ə özünün “Hayatı və bilimi” kitabını hədiyyə edib.