Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi fənn olimpiadalarının qaliblərinə diplomlar verilib.
AzMİU-dan verilən məlumata görə, universitetin elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanova çıxışında fənn olimpiadalarının materiallar müqaviməti, statika, inşaat mexanikası, riyaziyyat, fizika, ingilis dili (rus dili), informatika olmaqla 7 fənn üzrə keçirildiyini bildirib. Qeyd olunub ki, hər fənn üzrə müvafiq kafedraların müəllimləri tərəfindən olimpiadaya hazırlıq dərsləri keçirilib. Olimpiadalarda qalib gələn tələbələr mükafatlandırılıb.
Universitetin Fizika və kimya kafedrasının müəllimi dosent Hüseynağa Hüseynov, Mexanika və İnformasiya texnologiyaları fakültəsinin dekanı dosent Sabir Məmmədov, Mexanika kafedrasının müdiri dosent Ceyhun Musayev və Ali riyaziyyat kafedrasının müəllimi dosent Mehralı Əliyev olimpiada, tələbələrin hazırlıq prosesi və nəticələrlə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər.
Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmanquliyeva isə yaradılan şərait və dəstək üçün tələbələr adından universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Rektor Gülçöhrə Məmmədova çıxış edərək olimpiadaların əhəmiyyətinə toxunub və qeyd edib ki, qarşıdakı illərdə universitet tərəfindən respublika fənn olimpiadasının təşkil edilməsi hədəflənir: “İdmançıların fiziki hazırlığının səviyyəsini yüksəltmək üçün yarışlar, olimpiadalar təşkil olunduğu kimi, tələbələrin, tədqiqatçı gənclərin də zehni hazırlığının səviyyəsini yüksəltmək üçün yarışlar, olimpiadalar lazımdır. Universitetimizdə keçirilən fənn olimpiadalarına fasilə verilməsi bizi çox narahat edirdi. Sevindirici haldır ki, bu bilik yarışması yenidən təşkil olundu. Ümidvaram ki, növbəti illərdə bizim digər zəkalı tələbələrimiz də bu olimpiadada iştirak edəcək, onların sayı ilbəil artacaq, daha yüksək nəticələr göstərəcəklər. Olimpiada bilikli və hazırlıqlı tələbələr üçün əlavə motivasiyadır. Hədəfimiz bu prosesi daha da kütləviləşdirmək və respublika fənn olimpiadasına çevirməkdir”.
Qalib və iştirakçı tələbələri təbrik edən rektor onları bilikli və hazırlıqlı yoldaşlarını da bu prosesə cəlb etməyə səsləyib.
Sonda tələbələrə diplomlar təqdim edilib.