Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) gerçəkləşdirdiyi “Tanı, Oxu, Tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tədbir keçirilib.
DGTYB-dən bildirilib ki, tədbirin moderatorluğunu filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova edib.
Tədbirdə filialın direktoru, dosent Yusif Alıyev ədəbiyyatın, sözün qüdrətindən bəhs edib, istedadlı gəncləri bu istiqamətdə hər zaman dəstəkləməyə hazır olduğunu, layihənin müqəddəs amala xidmət etdiyini bildirib.
Sonra layihə və ədəbiyyat könüllülüyü haqqında geniş məruzələrlə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, DGTYB başqanı, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Mənsur Ağayev, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, gənc şairə Sərvinaz Sərvər çıxış edib, filialda keçirilən bu tipli tədbirlərin gənclər üçün əhəmiyyətini qeyd edib, həmçinin tələbələr ədəbi topluda yer alan şeirləri səsləndiriblər.
Sonda layihəyə dəstək olan şəxslər mükafatlandırılıb, iştirakçılara layihə çərçivəsində çap olunmuş kitablar və s. hədiyyə edilib.