Rusiya Dövlət Kitabxanası, Avrasiya Kitabxana Assambleyası və Müstəqil Dövlətlər Birliyi üzrə Federal Agentliyin təşkilatçılığı ilə 16-25 may tarixlərində Moskva və Kazan şəhərlərində “Birlik kitabxanalarının təhsil əməkdaşlığı: yeni nəsil” adlı layihənin 28-ci konfransı keçirilib.
Konfransda MDB ölkələri və digər respublikaların kitabxanalarından 1500 gənc mütəxəssis iştirak edib.
Həftə ərzində gənc mütəxəssislər Rusiya Milli Kitabxanasında bu sahədə yeni ideyaları müzakirə edib, problemlərin həlli yolları ilə bağlı müzakirə aparıblar.
Rusiya Milli Kitabxanasının nümayəndələri tərəfindən 50 nəfərə yaxın gənc kitabxanaçı aparıcı sənaye ekspertləri, bölmələrin daimi komissiyalarının sədrləri və üzvləri seçilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Ləman Muxtarova “Həyata kitabla addımla” adlı məruzəsi ilə çıxış edib. O, kitabxananın son illərdə həyata keçirdiyi layihələrdən, xüsusilə, “Bərpanəşr” layihəsi ilə bağlı kitabların nəşri və sağlamlıq məhdudiyyətli uşaqlar üçün kitabların jest dilinə və Brayl əlifbasına çevrilərək oxuculara təqdim edilməsi, eləcə də 2011-ci ildən həyata keçirilən “Uşaq kitab karvanı” layihəsinin uğurundan, kitabxananın ölkənin mədəni-ictimai həyatında fəal iştirakından danışıb.
Tədbirin yekun iclasında mədəni irsin formalaşması və inkişafı sahəsində gələcək əməkdaşlıqla bağlı qərar qəbul edilib, iştirakçılara sertifikatlar verilib.