Azərbaycan Dillər Universitetindəki (ADU) Pakistan Mədəniyyət Mərkəzi və Xarici ölkələr ədəbiyyatı kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və dünya ədəbiyyatı” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu münasibətlə keçirilən tədbiri açan universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni iştirakçılara təqdim edib.
Səfir Pakistan-Azərbaycan siyasi, ictimai, mədəni əlaqələri haqqında çıxış edib.
Xarici ölkələr ədəbiyyatı kafedrasını müdiri professor Aynur Sabitova Ulu öndər Heydər Əliyevin incəsənətin bütün sahələrinə, xüsusən də, ədəbiyyata olan marağı və sevgisi haqqında danışıb. O bu mövzuda təşkil olunmuş esse müsabiqəsinə tələbələrin marağını xüsusi qeyd edib. Bildirilib ki, adıçəkilən mövzuda 50-yə yaxın tələbə esse yazıb. Onların əksəriyyəti Filologiya fakültəsinin tələbələridir.
Müsabiqə üzrə təşkil olunmuş komissiyanın üzvü, kafedranın dosenti Ülviyyə Əliyeva “Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatın rolu”, “Qərb dramaturgiyası və Azərbaycan teatrı” və “Müstəqillik dövründə dünya ədəbiyyatı nümunələrinin tərcüməsi” istiqamətləri üzrə keçirilən esse yarışması haqqında məlumat verib.
Azərbaycan, rus, ingilis dillərində yazılmış esselər arasında 6 iş qalib elan edilib.
Filologiya fakültəsinin tələbəsi Peyman Ağazadə I, həmin fakültədən Səidə Allahyarova və Sabrina İbrahimova II, Təhsil – 2 fakültəsindən Nəzrin Kərimova, Filologiya fakültəsindən Diana Güliyeva və Samir Nəsirov III yeri qazanıblar. Qaliblər müvafiq dərəcəli sertifikatlar və hədiyyələr təqdim olunub. Eyni zamanda müsabiqədə iştirak edən bütün tələbələrə sertifikat verilib.