AMEA-nın xüsusi iclası keçirilib

 

Xəbər verildiyi kimi, kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-nin Şimali Karolina Universiteti Biokimya və biofizika fakültəsinin professoru, AMEA-nın fəxri üzvü Əziz Səncər mayın 30-da Azərbaycana gəlib.

AMEA-nın dəvəti ilə gerçəkləşən səfər müddətində qonaqla Bakıdakı bir sıra elm-tədris müəssisələrində görüşlər keçirilib. Dünyaşöhrətli alim AMEA-nın Naxçıvan Bölməsini, elmi müəssisə və təşkilatlarını, ali təhsil müəssisələrini də ziyarət edib.

İyunun 3-də AMEA-da Əziz Səncərlə görüşə həsr olunmuş xüsusi iclas keçirilib.

Tədbirdən öncə AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin nəzdində “Əziz Səncər şərəf otağı”nın açılışı olub. Əziz Səncər mərkəzin xatirə dəftərinə ürək sözlərini yazıb.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyasının fəxri olan alimin ölkəmizə bu səfərinin Azərbaycanın elm ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu deyib. O, Əziz Səncərin elmi fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, alim Dallasdakı Texas Universitetində molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alıb. 1997-ci ildən bu günə kimi ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika bölməsində fəaliyyətini davam etdirir. Əziz Səncər xərçəngin bioloji və biokimyəvi üsullarla müalicəsini tədqiq edib və bu istiqamətin əsas yaradıcısıdır. O, 2005-ci ildə ABŞ Elmlər Akademiyasına üzv seçilən ilk amerikalı türk olub, 2006-cı ildə isə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2015-ci ildə DNT-nin bərpası işinə görə iki alim həmkarı ilə birgə kimya üzrə Nobel mükafatına layiq görülüb.

Ötən il noyabrın 29-da AMEA-nın Ümumi yığıncağında professor Əziz Səncərin akademiyanın fəxri üzvü seçildiyini xatırladan İsa Həbibbəyli AMEA-nın fəxri üzvü diplomunu və medalı ona təqdim edib.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar dünyaşöhrətli alimlə bu görüşü AMEA Rəyasət Heyətində tarixi hadisə kimi dəyərləndirib. O, Əziz Səncəri AYB-yə dəvət edib.

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev Azərbaycan-Türkiyə elmi əlaqələri haqqında danışıb, ikitərəfli əməkdaşlığın inkişafında Əziz Səncərin mühüm rolunu vurğulayıb.

Sonra Əziz Səncər “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda elmi məruzə ilə çıxış edib. Vurğulayıb ki, elm insanlığa, bəşəriyyətə xidmət etməlidir. Alim çıxışında “elmi fəaliyyət necə qurulmalıdır” sualına toxunub, Türk dünyasında elmi əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

“Xəyalım Türk dünyasının birliyini görməkdir”, – deyən alim bu istiqamətdə bütün türk dövlətlərinə səfər etdiyini, görüşlər keçirdiyini bildirib.

Nobel mükafatı laureatı çıxışında əsas elmi prioritetlərin müəyyənləşdirilməsi, oğlan və qızların bərabər təhsil hüquqlarının təmin olunması, nəzəriyyələrin təcrübədən keçirilməsi, alimlərin təşviq edilməsi kimi tövsiyələrini də səsləndirib.

Qeyd edək ki, Əziz Səncərin səfəri iyunun 6-dək davam edəcək.