31 may – 3 iyun tarixlərində Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilib.

Layihə çərçivəsində iyunun 1-də Bakı Kristal Zalında (“Baku Crystal Hall”) Mədəniyyət Nazirliyinin dəstəyi ilə genişmiqyaslı oyun festivalı – “Gamesummit – 2024”ün açılış mərasimi olub.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək iştirakçıları salamlayıb. Diqqətə çatdırıb ki, Azərbaycan rəngarəng incəsənəti və yenilikçi ruhu ilə tanınır: “Muğam musiqisinin qədim melodiyalarından Bakı şəhərinin heyranedici memarlığına qədər Azərbaycanın mədəni mozaikası həm qədim, həm də müxtəlifdir. Ölkəmizin inkişafında yaradıcılıq və innovasiyanın  əhəmiyyətli rolu var. Möhtərəm Prezidentimiz İlham Əliyev bu barədə demişdir: “Azərbaycanın gələcəyi zəngin mədəni irsimizi qoruyaraq yenilik etmək və qlobal texnoloji landşafta inteqrasiya etmək bacarığındadır”.

Bu konsepsiya “Gamesummit”in mahiyyətini mükəmməl şəkildə əks etdirir, burada ənənə və yenilik bir araya gəlir. Festival rəqəmsal incəsənət və əyləncəyə həvəsli olanlar üçün yaradıcılıq, innovasiya və texnologiyanın sonsuz imkanlarının təntənəsidir. İstedadların yetişdirilməsi və rəqəmsal sənətlərin təşviqi üçün təşəbbüslər dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Bütün bu fəaliyyətlər 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilir ki, bu da yaradıcı sənayelərin inkişafını təşviq edir və bu sahədə yeni yaradıcı bizneslərin yaranmasına dəstək olur”.

 

Rəqəmsal oyunlar həm də yeni ideyalara impuls deməkdir

 

Nazir müavini çıxışında tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçılara, sponsorlara və könüllülərə təşəkkür edərək iştirakçıları və qonaqları təntənəli və kəşfli atmosferdə iştirak etməyə çağırıb: “Oyun texnologiyasında ən son yenilikləri araşdırın, interaktiv zonalarda iştirak edin və mövcud olan şəbəkələşmə imkanlarından faydalanın”.

Vurğulayıb ki, tədbir yalnız əyləncə haqqında deyil, bu, cəmiyyət haqqında, insanları bir araya gətirmək, yeni ideyalara impuls vermək barədədir. Bu, sənətkarların, tərtibatçıların və həvəskarların əməkdaşlıq edə, işlərini paylaşa və bir-birilərini ilhamlandıra biləcəkləri bir yerdir.

***

Açılış mərasimi konsert proqramı və təqdimatlarla davam edib.  Oyun sammiti 3500-dən çox kompüter oyunu həvəskarını, oyun tərtibatçısını və şirkətləri, icmaları, İT startapları, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

Festivalın ilk günü 5 trek olmaqla texnologiya, innovasiya və yaradıcı sənayelər, texnologiya, kənd təsərrüfatı və ətraf mühit və s. sahələri əhatə edən mühazirələr dinlənilib.

Müxtəlif şirkətlərin pavilyonlarında təqdimatlar və eləcə də müsabiqə oyunları, yeni yaradılan oyunların təqdimatı olub.

Qeyd edək ki, festival proqramına biznes konfrans, yerli şirkətlər arasında ən yaxşı kompüter oyunu üzrə müsabiqə, həmçinin “Yaradıcı” brendi, rəqəmsal incəsənət, animasiya və digər sərgi pavilyonlarının yaradılması, müxtəlif interaktiv əyləncələr – arkad maşınları, VR zonası və müstəqil yerli tərtibatçıların oyunlarının nümayişi də daxil idi. Oyun sammitində “e-Sports” kateqoriyası üzrə müxtəlif yarışmalar, “Cosplay” (xüsusi personajların həvəskarlar tərəfindən nümayiş etdirilməsi), “K-pop” (Koreya pop musiqisi) rəqsləri və musiqili çıxışlar, həmçinin “AzDimension” studiyası tərəfindən həmin günədək elan olunmamış oyunlar təqdim edilib.

 

“A-Hub Akselerasiya Proqramı”nın finalı Bakıda başladı...

 

İyunun 2-də layihə çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”ın əməkdaşlığı ilə “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı təşkil edilib.

Əvvəlcə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videoçıxışı dinlənilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb. Qeyd edib ki, Mədəniyyət Nazirliyi bu layihəni ICESCO ilə birlikdə icra etməkdədir: “Çox şadıq ki, bu platforma irimiqyaslı layihəyə çevrilib. Biz gələcəkdə bu platformanı inkişaf etdirmək üçün yeni təşəbbüslər irəli sürəcəyik”.

Azərbaycanla ICESCO arasında əməkdaşlığa toxunan nazir müavini söyləyib ki, bu günə kimi ölkəmizin bu qurumla məhsuldar əməkdaşlığı olub: “Buna nümunə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsini qeyd edə bilərik. Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi mötəbər bir hadisədir. Sizlər sabah Şuşaya səfər zamanı bu qədim şəhərimizin necə bariz bir şəkildə islam mədəniyyətini ehtiva etdiyini öz gözlərinizlə görəcəksiniz”.

ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif qonaqpərvərliyə görə ölkəmizə təşəkkür edib, dünya finalında iştirak edən komandalara uğurlar arzulayıb. Tədbir çərçivəsində layihə iştirakçılarının Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olacağına əminliyini bildirib.

“New Space Open Innovation”ın təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib. Qeyd olunub ki, layihə ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf üzrə təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir: “Biz 3 il əvvəl bu layihəyə başlayanda heç təsəvvür edə bilməzdik ki, bu gün Azərbaycanda belə möhtəşəm dünya finalı keçiriləcək. Dünya finalında 11 ölkədən 30-dan çox innovativ komanda iştirak edir”.

Çıxışlardan sonra startap komandaları öz ideyalarını təqdim ediblər.

 

... və 30 min dollar Şuşada bölüşdürüldü

 

İyunun 3-də “Digital Creative Weekend” layihəsi Şuşada davam edib. ICESCO ölkələrindən innovativ layihələrin yarışdığı “A-Hub Akselerasiya Proqramı”nın qalibləri də bu il “İslam dünyasının mədəniyyəti paytaxtı” olan şəhərimizdə elan edilib.

Şuşa Hotel-Konqres Mərkəzində proqramın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Dünya finalında Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali və Sudandan 30-dan çox innovativ komanda iştirak edib. Onlar öz ideyalarını nümayiş etdirərək ümumilikdə 30 min dollar pul mükafatı uğrunda yarışıblar.

Yekun nəticələrə əsasən, “Snack Pack” (Azərbaycan) komandası I, “ReSkill” (Tacikistan) komandası II, “Biopols” (Türkiyə) komandası III, “Caredify” (Tunis) komandası isə IV yeri qazanıb.

I yer üçün 10 min, II yer üçün 8 min, III və IV yerlərin hər biri üçün 6 min dollar məbləğində pul mükafatı verilib.

Sonda ailə fotosu çəkdirilib.

Xatırladaq ki, “A-Hub Akselerator”u, ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək, onların ideyalarını reallaşdırmaq üçün lazım olan resursları və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.

***

İyunun 4-də “A-Hub Akselerasiya Proqramı”nın iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib.

Ekskursiya zamanı qonaqlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün nəticələrini görüb, Şuşanın tarixi abidələri, şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar. Qonaqlar Şuşa qalası (Qala divarları) önündə xatirə şəkilləri çəkdiriblər.

Nurəddin