Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi, tanınmış telejurnalist Telli Pənahqızının 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Mayın 27-də gerçəkləşən tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Rəşad Məcid T.Pənahqızının Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2024-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini bildirib və bu təltifi yubilyar qələm sahibinin timsalında bütövlükdə ölkə jurnalistikasına verilən yüksək dəyərin növbəti nümunəsi adlandırıb.
T.Pənahqızının tərcümeyi-halındakı ayrı-ayrı məqamları yada salan R.Məcid bildirib ki, yubilyarın ömür yolu peşəyə xidmətin məziyyətləri ilə dolu zənginlik mənzərəsidir. MŞ sədri eyni zamanda vurğulayıb ki, T.Pənahqızı müasir dövr Azərbaycan mediasının inkişafına yönələn xidmətləri, zəngin telejurnalist fəaliyyəti, ictimai əhəmiyyətli, ədəbi-bədii xarakterli publisistik yazıları əsas götürülərək MŞ-nin diplomu ilə təltif olunub. O, diplomu yubilyara təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov T.Pənahqızını jurnalistika prinsiplərinə sadiq, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilən əməksevər qələm sahibi kimi səciyyələndirib.
Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva yubilyarı işinə dürüst yanaşan, dürüstlüyünü peşəkarlıqla birləşdirən qələm sahibi adlandırıb.
Əməkdar jurnalist Flora Xəlilzadə çıxışında T.Pənahqızının Qərbi Azərbaycan yanğısını yaradıcılığa ustalıqla gətirmək bacarığından söz açıb.
“Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı da T.Pənahqızının doğma yurd-yuva həsrətini peşəkar yaradıcılıqda ustalıqla əks etdirməsindən danışıb.
Şair-jurnalist Gülşən Behbud bildirib ki, yubilyarın parlaq istedadı ilə uzunillik aktiv telejurnalist fəaliyyəti mükəmməl cəmiyyət institutunun formalaşmasına töhfəsini verib.
Uzun illər Azərbaycan Televiziyasında diktor kimi fəaliyyət göstərmiş Sevda Ağazadə T.Pənahqınızının media fəaliyyətinin Azərbaycan ədəbi dilinin saflığına töhfə olduğunu deyib.
Teleaparıcı Fəxriyyə Lilpar bildirib ki, T.Pənahqızının yaradıcı fəaliyyəti, nümayiş etdirdiyi dəst-xətt jurnalistikamıza dəyər qazandırır.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, Əməkdar jurnalist Əntiqə Qonaq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova-Rüstəmova, Qərbi Azərbaycan İcmasının təmsilçisi Rəhilə Abdullayeva və başqaları çıxışlarında T.Pənahqızının peşəkar jurnalist fəaliyyətinin teleradio məkanımıza rəğbət, cazibədarlıq qazandırdığını dilə gətirib, yubilyara təbriklərini çatdırıblar.
Sonda çıxış edən T.Pənahqızı əməyinə verilən qiyməti bütövlükdə söz sənətinə dəyər kimi xarakterizə edib, bu qədirbilənlikdən məmnunluğunu dilə gətirib, toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Əliyeva Telli Pənah qızı 24 may 1954-cü ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Vedibasar rayonunda anadan olub. 1971–1976-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb, eləcə də Azərbaycan Dövlət Akademik Musiqili Teatrındə ədəbi hissə müdiri işləyib.
2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Müxtəlif illərdə “Qızıl qələm”, “H.Zərdabi”, “Məmməd Araz”, “Natəvan” mükafatlarına layiq görülüb. O, həmçinin Mətbuat Şurasının Ali Media Mükafatının laureatı olub. 3-ü şeir, 7-si publisistik əsər olmaqla 10 kitabın müəllifidir.