2023-cü ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın Şuşa şəhəri 2024-cü il üçün İƏT-in “Gənclər Paytaxtı” elan olunmuşdu.
İyunun 4-də İslam ölkələrinin ötənilki “Gənclər paytaxtı” olmuş Kazan şəhəri (Tatarıstan, RF) adından bu missiyanın simvolik açarı Şuşa şəhərinə təhvil verilib.
Mərasimdə Şuşa – İƏT “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub.
Sonra qonaqlar konsert proqramını izləyiblər.
Qeyd edək ki, Şuşada “İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı – 2024” tədbirlərinə start verilib. 3–6 iyun tarixlərini əhatə edən proqrama “Beynəlxalq Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“ adlı tədbirlər daxildir. O cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.