İyunun 3-də ADA Universitetinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) xarici diplomatlar üçün birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı” işə başlayıb.
ADA Universitetindən bildirilib ki, bu dəfə proqram Amerika, Afrika, Avropa və Asiya qitələrindən 14 ölkəni təmsil edən 21 diplomatı bir araya gətirib.
Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qonaq diplomatlara ölkəmizin regiondakı geostrateji mövqeyi, regional və qlobal əməkdaşlığı barədə məlumat verib.
AIDA-nın rəisi Elməddin Mehdiyev bu proqramın beynəlxalq əməkdaşlığa verdiyi töhfədən, eləcə də Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində əldə etdiyi uğurlardan danışıb.
Proqram müddətində müxtəlif dövlət qurumlarının rəhbər və məsul şəxsləri xarici diplomatlar qarşısında Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və s. mövzularda məruzələrlə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildən etibarən həyata keçirilən proqramda indiyədək 63 ölkədən diplomatlar iştirak ediblər.