Təşkilat Komitəsinin növbəti iclası

 

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (Conference of the Parties) 29-cu sessiyası (COP29) bu ilin noyabrında Bakıda keçiriləcək.

İyunun 3-də COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddətdə COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müxtəlif çıxış və müsahibələrində açıqladığı vacib istiqamətlər, səsləndirdiyi tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir. Samir Nuriyev keçən aylar ərzində COP29 komandası tərəfindən müxtəlif danışıqlar qrupları ilə görüş və məsləhətləşmələrin keçirildiyini, Azərbaycanın müzakirə olunan mövzular ətrafında qlobal həmrəyliyin və konsensusun formalaşdırılması istiqamətində çalışdığını vurğulayıb. Bildirib ki, artıq ölkəmiz COP29 sədrliyinin fəal fazasına daxil olur və dövlət qurumları COP29-un uğurla keçirilməsi üçün səylərini daha da artırmalıdır.

Vətəndaş cəmiyyətinin də proseslərə töhfə verdiyini qeyd edən Samir Nuriyev bu xüsusda Afrikanın 130-dək QHT-si və İtaliyada G7 Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər tərəfindən COP29-un ev sahibi kimi Azərbaycana dəstək bəyanatlarının verilməsini qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29-a hazırlıqla bağlı məlumat verib.

Xarici işlər naziri Ceyhun Bayramov müxtəlif ölkələr və danışıqlar qrupları ilə keçirilən görüş və məsləhətləşmələr, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, COP29-da qəbul edilməsi nəzərdə tutulan sənədlərlə bağlı son vəziyyət barədə danışıb.

Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf SOCAR-ın yaşıl gündəliyi və fəaliyyət istiqamətlərində emissiyaların azaldılması barədə çıxış edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu yaxınlarda istifadəyə verilmiş vahid onlayn rezervasiya platforması barədə məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Milli Məclisin deputatı Könül Nurullayeva və digər çıxış edənlər fikir və mülahizələrini bölüşüblər.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.