Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi və təbliği məqsədilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Xəmsə”yə daxil olan əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsinə start verib.
Bununla bağlı Ərzurum Atatürk Universiteti Fars dili və ədəbiyyatı bölümünün müdiri professor, tərcüməçi Nimet Yıldırımla müvafiq müqavilə imzalanıb.
Müqavilə üzrə AMM-in layihəsi ilə “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri ilk dəfə türk dilinə tərcümə edilərək nəşr olunacaq.
Qeyd edək ki, Nimet Yıldırım “Xəmsə”dən “İskəndərnamə” poemasını artıq türkcəyə tərcümə edib və əsər 2022-ci ildə türkcə nəşr olunub. AMM həmin tərcümənin də türkcə “Xəmsə”yə daxil edilərək yeni buraxılışda nəşrini planlaşdırır.
AMM-in direktoru Samir Abbasov Azərbaycan dövlətinin Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə daim böyük önəm verdiyini qeyd edərək, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb.
Nimet Yıldırım Nizami Gəncəvi əsərlərinin az sayda türk dilinə tərcümə edildiyini və bu səbəbdən dünyaşöhrətli şairin qardaş ölkədə geniş tanıdılması və təbliğinə ciddi ehtiyac olduğunu bildirib. O, dahi şairin əsərlərinin tərcüməsinin həyata keçirməyin olduqca çətin, şərəfli və məsuliyyətli iş olduğunu qeyd edərək, bu təkrarsız layihəyə imza atdığına görə özünü xoşbəxt saydığını deyib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvi “Xəmsə”sinin dünyanın bir sıra dillərinə tərcüməsi həyata keçirilir. Özbəkistandakı Heydər Əliyev adına AMM-in layihəsi ilə “Xəmsə” 2015–2020-ci illərdə orijinaldan özbək dilinə tərcümə (tərcüməçi Özbəkistanın Xalq şairi Camal Kamal) edilib və nəşr olunub. Bundan başqa, nazirliyin layihəsi ilə 2021–2023-cü illərdə misirli professor Abdelaziz Mostafa Mohamed Bakuşi “Xəmsə”nin ərəb dilinə tərcüməsini həyata keçirib və yaxın vaxtlarda onun da çapı nəzərdə tutulub.