Bildiyiniz kimi, axşam bazarı ifadəsi bazarın bağlanma vaxtına yaxın olan alış-verişə deyilir. Bundan ilhamlanaraq biz “SnackPack” mobil platformasını yaratdıq. Bu proqram gün ərzində alınmamış məhsulu endirimli qiymətlərlə satmaq üçün restoranlara axşam bazarı mobil platformasını təqdim etməklə potensial ərzaq itkisini əlavə gəlirə çevrilməkdə yardım edir.

Bunu “A-Hub Akselerasiya Proqramı”nın qalibi, “SnackPack” mobil platformasının həmtəsisçisi Ramin Tağıyev deyib.

Onun sözlərinə görə, “SnackPack” mobil platforması sayəsində alıcılar həm kafelər, həm də özləri üçün qazanclı bir vəziyyət təmin edən endirimli qiymətlərlə dadlı yeməklər tapa və əldə edə bilərlər.

“A-Hub Akselerasiya Proqramı”nın qalibi yarışda iştirakı barədə öz təəssüratlarını bölüşüb: “Biz komanda olaraq böyük finala çatmaq üçün uzun və çətin bir yoldan keçmişik. Çox şadıq ki, yaratdığımız layihə yüksək qiymətləndirilib. Birinci yeri layiq görüldüyümüz üçün çox sevincliyəm”.