Azərbaycanın Polşadakı Səfirliyi Polşa Tatarları İttifaqı ilə birgə Varşava Beynəlxalq Kitab Sərgisində (Warsaw International Book Fair – 2024) iştirak edib.

İtaliyanın fəxri qonaq qismində qatıldığı sərginin builki gündəliyi zəngin olub. Varşava Mədəniyyət və Elm Sarayında keçirilən sərgi çərçivəsində tanınmış müəlliflərin imza günləri, oxu saatları, ədəbi müzakirələr və konsert proqramları olmaqla 4 gün (23–26 may) ərzində çoxsaylı tədbirlər təşkil edilib.

Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən təqdim edilən kitablar da nümayiş olunub. Onların arasında “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, dahi Azərbaycan şairi Füzulinin qəzəlləri, Azərbaycan aforizmləri, digər görkəmli şair və yazıçılarımızın polyak dilinə tərcümə edilmiş əsərləri yer alıb.

Varşava Beynəlxalq Kitab Sərgisi Avropada ənənəvi olaraq keçirilən nüfuzlu kitab sərgilərindən hesab olunur. Azərbaycan səfirliyi ötən il sərgidə Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə iştirak edib.