İyunun 5-də görkəmli şair Mikayıl Müşfiq (1908–1938) anadan olmasının 116-cı ildönümü tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları bu münasibətlə şairin Bakıdakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Kitabxananın sosial şəbəkə hesablarında görkəmli şairin kitabxananın fondunda olan kitablarından ibarət paylaşımlar edilib.
Qeyd edək ki, bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür. Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, klassik ədəbi ənənələrdən layiqincə bəhrələnərək bənzərsiz poetik nümunələr yaradan nadir istedadlı şairlərdəndir. Onun milyonlarla insan tərəfindən sevilərək oxunan “Yenə o bağ olaydı”, “Oxu, tar” və digər şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da repressiya dövründə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl İsmayılzadə bəraət qazanıb. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbə, məktəb, küçə və meydanlardan birinə onun adı verilib.