Medianın İnkişafı Agentliyi (MEDİA) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə növbəti dəfə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilib.
MEDİA-dan verilən məlumata görə, məzmun müsabiqəsi jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənclərdə müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşmasını təşviq etmək, yaradıcı düşüncəni, eyni zamanda, ixtisaslaşmanı inkişaf etdirmək, məzmun istehsaletmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq və komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir.
Müsabiqəyə hazırda ali təhsil müəssisələrində təhsil alan gənclər 3 nəfərdən ibarət komandalar şəklində qatıla bilərlər.
Komandalar müsabiqəyə müraciət zamanı 7-10 min simvoldan ibarət materialın yer aldığı xüsusi dizayn edilmiş 2 səhifədən ibarət onlayn qəzet nümunəsi və ya müddəti 5 dəqiqədən artıq olmayan reportaj təqdim edir.
Müsabiqəyə onlayn qəzet nümunəsi təqdim edən komandanın tərkibi redaktor-müxbir, dizayner və korrektordan, reportaj təqdim edən komandanın tərkibi redaktor-müxbir, operator və montajçıdan ibarət olmalıdır.
Müvafiq material və ya reportaj “İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesi: davamlı və dayanıqlı inkişaf”, “Dağ-mədən sənayesində yaşıl həllər: iqlim, texnologiya və innovasiyalar”, “İqlim hərəkatı və gənclər” mövzularından biri olmalıdır:
Materialın yaradıcı, orijinal və maarifləndirici əhəmiyyətli olması, rəqəmsal alətlərdən uğurlu istifadə, müasir standartlara uyğun tərtibat, dizayn (montaj), materialın jurnalistikanın prinsiplərinə uyğunluğu, plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi qiymətləndirmə meyarlarıdır. Meyarların hər biri isə maksimum 10 bal təşkil edir.
Qiymətləndirmə hər kateqoriya (onlayn qəzet nümunəsi və ya reportaj təqdim edən) komandalar üzrə ayrı-ayrılıqda aparılır və hər bir kateqoriyada 3 komanda olmaqla ümumilikdə 6 komanda qalib elan olunaraq müxtəlif hədiyyələr qazanacaq və sertifikatla təltif olunacaq.
Qeyd edək ki, istəyənlər müsabiqəyə müəyyən edilmiş müddət ərzində qeyd edilən linkdə elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər. Müraciət zamanı onlayn qəzet səhifəsinin “.pdf” versiyası və ya reportaj link formasında (wetransfer, sendgb və s. proqramlar vasitəsilə hazırlanan link) qeydiyyat bölməsində yerləşdirilməlidir. Müsabiqəyə müraciət isə iyunun 25-də sona çatır.