Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Əhməd Bakıxanov adına 6 nömrəli Musiqi məktəbinin uğurlarının sırasına daha biri əlavə olunub. Məktəbin fortepiano ixtisası üzrə VI sinif şagirdi Oqtay Xudiyev (müəllim Lalə Useynova) Özbəkistan paytaxtında təşkil olunmuş “Tashkent Triumph Festival”da uğurla iştirak edib.
Oqtay 12 yaş kateqoriyasında ixtisası üzrə I yerə layiq görülərək diplom və medalla təltif olunub.
***
Yeri gəlmişkən Musiqi məktəbində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş hesabat konserti keçirilib. Konsertdə mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Öncə dövlət başçısının sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında məlumat verilib. Dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlərin önəmindən bəhs edilib.
Sonra məktəbin bütün şöbələri üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər. Şagirdlərin ifası alqışlarla qarşılanıb.