Azərbaycan Aşıqlar Birliyi (AAB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsində (“Qərbi Azərbaycana qayıdış prosesi” istiqaməti üzrə) qalib olan layihənin icrasına başlayıb.

AAB-nin katibi, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihənin əsas məqsədi  tarixi yurd yerlərimizdən didərgin salınan, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayan aşıqların yaradıcılıq fəaliyyətini təbliğ etməkdir. Əsas diqqət ona yönəldiləcək ki, çağdaş Qərbi Azərbaycan aşıqları bu gün ölkəmizin müxtəlif bölgələrində məskunlaşsalar da, Göyçə, İrəvan, Dərələyəz, Zəngəzur, Ağbaba, Loru-Pəmbək aşıq mühitlərinin ənənəsini qoruyub yaşada biliblər.

Layihənin icra planına uyğun olaraq, Qərbi Azərbaycan əsilli aşıqların ifaları əsasında audiodiskə daxil ediləcək aşıqlar dəqiqləşdirillir. Bundan sonra isə hər aşığın səsinə uyğun olaraq aşıq havası seçiləcək və bu zaman Qərbi Azərbaycanda yaradılmış, bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara üstünlük veriləcək.