Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və illər sonra kimliyi müəyyənləşdirilən igid Vətən övladlarının nəşinin qalıqları öz el-obalarında ailə və yaxınlarının iştirakı ilə yenidən torpağa tapşırılır. Bu günlərdə daha beş şəhidin dəfn mərasimi olub.

Birinci Qarabağ müharibəsində naməlum şəhid kimi Tərtərdə şəhidlər qəbiristanlığında dəfn edilən Səbuhi Süleymanovun nəşinin qalıqları Şəkinin Cəfərabad kəndinə gətirilib. Ata yurdunda şəhid üçün vida mərasimi keçirilib.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Səbuhi Süleymanov 1972-ci ildə anadan olub. İkiillik hərbi xidmətdən sonra döyüşlərə könüllü qatılıb. Ailədə üç övlad olublar. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Rövşən Məcid oğlu Əliyevlə vida mərasimi Xırdalanda keçirilib. Şəhidin nəşinin qalıqları Xırdalan Şəhidlər xiyabanında dəfn olunub.

Rövşən Məcid oğlu Əliyev 1973-cü ildə Xırdalanda anadan olub. Birinci Qarabağ müharibəsində Daşaltı döyüşlərində (1992) itkin düşdüyü ehtimal olunub. Rövşən Əliyevin Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyev naməlum şəhid kimi Füzulinin Balabəhmənli kənd qəbiristanlığında torpağa tapşırılmışdı.

Şəhidin nəşinin qalıqları  Beyləqan rayonunda Milabad qəsəbə məzarlığında dəfn olunub. Vida mərasimində rayon sakinləri, şəhidin yaxınları, Cəbrayıl və Beyləqan rayon icra hakimiyyətlərinin əməkdaşları iştirak ediblər.

Mehdiqulu Quliyevin həyat yoldaşı və üç azyaşlı övladı da 1993-cü ildə itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Nüsrət oğlun İsaqovun nəşi Zərdab rayonuna gətirilib. O, Tərtər şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Təzəkənd kəndində, anasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.

Zakir İsaqov Birinci Qarabağ müharibəsində Ağdərə rayonunda itkin düşmüş sayılırdı.

***

Elman Almaz oğlu Çıraqov 32 il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə canını fəda edən igidlərdəndir. O, naməlum şəhid kimi Tərtər Şəhidlər xiyabanında dəfn olunmuşdu.

Onunla vida mərasimi ata-baba yurdu Şirvan şəhərində keçirilib. Şəhidin nəşinin qalıqları Şirvan şəhərində torpağa tapşırılıb.

Elman Çıraqov 1971-ci ildə Şirvan şəhərində dünyaya göz açıb. 1992-ci ildə Ağdərənin Çıldıran kəndi ərazisində gedən döyüşlər zamanı şəhid olub və Tərtərdə naməlum şəhid kimi dəfn edilib. Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi bilinən 73 nəfərdən biri də Elman Çıraqov olub.

Qeyd edək ki, dəfn mərasimləri əsgəri törənlə də müşayiət olunub. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşləri açılıb.