Memarlıq və İnşaat Universitetinin (AZMİU) bir qrup müəllimi Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və quruculuq işləri ilə tanışlıq üçün əraziyə səfər ediblər.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, pedaqoji heyət Cəbrayıl rayonunun Horovlu kəndindəki evlərin tikintisi, vaxtilə burada olan kəhrizlərin bərpası ilə bağlı məlumatlandırılıb. Müəllimlər bu təhsil müəssisəsinin yetirməsi olan, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışan inşaat mütəxəssisləri ilə görüşərək fikir mübadiləsi aparıblar. Qonaqlar, həmçinin Zəngilan rayonunun Ağalı kəndi, Ağalı Hoteli, Ağalı kəndində elektrik enerjisi istehsal edən “Arximed” qurğusu, Zəngilan şəhər məscidi və Zəngilan Konqres Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, səfər AzMİU və Xidmət arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Memoranduma əsasən, universitetin tələbələri də Xidmətdə təcrübə proqramında iştirak ediblər.