Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Vətən müharibəsi şəhidi Raul Piriyevin xatirəsi anılıb.

Tədbirdə şəhid anaları, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Raul Piriyevin qısa həyat və qəhrəmanlıq dolu döyüş yolundan bəhs söz açıblar.

Bədii hissədə şəhidin xatirəsinə ithaf edilən şeirlər səsləndirilib, mahnılar ifa olunub, videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Raul Zabit oğlu Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. Azərbaycan Texniki Universitetinin Dəmir yol nəqliyyat və təsərrüfatı mühəndisliyi fakültəsində təhsil alıb.

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin Murovdağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 2020-ci ilin 5 oktyabr tarixində Cəbrayıl rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə Raul Piriyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, eləcə də Füzuli və Kəlbəcərin azad olunmasına görə medallarına layiq görülüb.