Mövcud əlaqələr və perspektivlər müzakirə olunub

 

Mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horleman ilə görüşüb.

Səfiri salamlayan nazir Azərbaycan ilə Almaniya arasında mövcud olan əlaqələrdən danışıb. Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Almaniya səfiri Ralf Horleman qəbula görə təşəkkürünü bildirib. Azərbaycanda alman irsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirən diplomat bu istiqamətdə mədəni turizm layihəsi ilə bağlı təklif səsləndirib.

Söhbət zamanı iki ölkənin mədəniyyət müəssisələri, o cümlədən kitabxana, muzey, sərgi salonları və teatr-konsert müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulan iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrdə Almaniyanın müvafiq institutlarının təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Avstriyanın Azərbaycandakı səfiri Tomas Şuller-Qötzburq ilə də görüşüb.

Nazir əvvəlcə iki ölkə arasında əlaqələrdən söz açıb. Qeyd edib ki, Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Ölkəmiz mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır.

Görüşdə kino, muzey və kitabxana işi, tarixi və mədəni irsin qeydiyyatı, qorunması, bərpası, habelə yaradıcı sənaye sahələrində bilik və təcrübə mübadiləsinin aparılması imkanları nəzərdən keçirilib. Söhbət zamanı bədii təhsil üzrə tələbə mübadiləsi və mədəni irsin idarə edilməsi ilə bağlı kadr hazırlığı məsələləri də müzakirə olunub.

Avstriya tərəfi bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün dəvət olunub.