“Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”

 

Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri iyunun 6-da TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasına qatılan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən deyib. Görüşdə TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Tören və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matrai iştirak ediblər.

Prezident diqqətə çatdırıb ki, bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: “Mən hesab etdim ki, ildə bir dəfə zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir... Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq”.

Dövlətimizin başçısı deyib ki, iqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.

Prezident TDT zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi məna daşıdığını da vurğulayıb. Bildirib ki, Şuşa 4 ilə yaxındır işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya, eləcə də Azərbaycanın işğaldan edilmiş digər bölgələrinə səfərlər ediblər. Bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır.

“Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”, – deyə İlham Əliyev əlavə edib.

Prezident onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir: “Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir”.

Azad edilmiş torpaqlarda həyatın bərpa olunduğunu bildirən dövlətimizin başçısı deyib: “Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir”.

Prezident TÜRKPA-nın Bakıda keçirilən toplantısının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək: “Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur”.

***

Qeyd edək ki, 5-6 iyun tarixlərində Bakıda TÜRKPA-nın 13-cü Plenar iclasında TBMM sədri Numan Kurtulmuş assambleyaya keçici sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verib.

Plenar iclas çərçivəsində parlament baş katibləri və aparat rəhbərlərinin görüşü olub. TÜRKPA-nın Qadın parlamentarilər qrupunun iclası, həmçinin Milli Məclisdə TÜRKPA-nın Gənc parlamentarilər qrupunun toplantısı keçirilib.