İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.
TASS tərəfindən təşkil olunan görüşdə 15-dən çox ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın idarə heyətinin sədri Vüqar Əliyev iştirak edib.
Prezident Vladimir Putin AZƏRTAC-ın rəhbərinin Azərbaycan-Rusiya münasibətləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığa dair suallarını da cavablandırıb.
Rusiya lideri deyib: “Münasibətlərimiz uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir. Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün deyil. Mən bilirəm ki, Prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir. Nə üçün? İkitərəfli əlaqələrin inkişafı üçün və bu əlaqələr hazırda inkişaf edir. İndi bizdə ticarət dövriyyəsinin ümumi həcmi, əgər dollarla ifadə etsək, 4,5-4,6 milyard dollar təşkil edir. Temp yaxşıdır. İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk.
Əminəm ki, hər iki tərəfdən belə əhvali-ruhiyyə saxlanılsa, – Rusiyada biz bu əhvali-ruhiyyədəyik, – nəticələr də yaxşı olacaq. Bu baxımdan, logistikanın inkişafı baxımından çox iş görmək lazımdır... Bu, digər istiqamətlərə də aiddir. Rusiyada Azərbaycandan, o cümlədən Rusiya büdcəsi hesabına təhsil alan tələbələr çoxdur. Biz görürük ki, gənclərin Rusiyada təhsil almağa marağı da kifayət qədər böyükdür.
Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər. Buradan yüklər sizin və mənim olduğumuz yerdən – Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək. Məncə, bu, Süveyş kanalından təxminən on gün daha tezdir. Pis heç nə demək istəmirik, Süveyş kanalı, əksinə, dünya ticarəti üçün çox gərəklidir. Ancaq bu dəhliz malların Şimala və Cənuba, əks istiqamətə çatdırılması üçün əlavə və çox səmərəli yol olacaq. Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq burada hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmişik. İran rəhbərliyi də bu layihəni dəstəkləyir. Bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir...
Burada əlavə, araşdırma tələb edən məsələlər var. Bu dəhliz hansı ərazilər, o cümlədən Azərbaycanın hansı əraziləri üzrə olacaq və onu necə maliyyələşdirəcəyik? ...Ancaq ən başlıcası odur ki, hamı bu layihənin həyata keçirilməsinin tərəfdarıdır... Beləliklə, bu, çox yaxşı bir layihədir, lakin birgə həyata keçirdiyimiz yeganə layihə deyil.
Bundan başqa, Azərbaycan Xəzəryanı dövlətdir, Xəzəryanı dövlətlərin beşliyinə daxildir və burada da, o cümlədən Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərdə də bizim bir çox ümumi maraqlarımız var”.