Bolqarıstanın Sozopol şəhərində təşkil edilən “Soleil” Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Şuşa şəhərinin tarixi-mədəni irsinin təbliği məqsədilə “Şuşa – Azərbaycanın mədəniyyət irsinin incisi” və “Xarıbülbül – məhəbbət və sülhün rəmzi” adlı foto və rəsm sərgiləri açılıb.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən bildirilib ki, sərgidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin füsunkar təbiətini, qədim tarixini və zəngin mədəniyyətini təcəssüm etdirən rəsm və fotolar yer alıb.

Səfir Hüseyn Hüseynov Şuşa şəhərinin Azərbaycanın tarixi və mədəniyyətində tutduğu əvəzsiz yeri barədə danışıb, Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat verib.

“Şuşa – Azərbaycanın mədəniyyət irsinin incisi” fotosərgisi Bakı Media Mərkəzinin dəstəyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Bolqarıstandakı səfirliyimizin dəstəyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə tərtib edilən rəsm sərgisində isə Bolqarıstanın incəsənət məktəblərinin şagirdləri tərəfindən xarıbülbülü təsvir edən rəsm nümunələri nümayiş etdirilib. Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska diqqətə çatdırıb ki, Şuşa bölgəsində bitən endemik xarıbülbül gülü Azərbaycan xalqı arasında sevgi və sülh nişanı olması ilə yanaşı, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə xalqımızın şanlı Zəfərinin rəmzinə çevrilib.

Sərgilərin açılışından sonra festival çərçivəsində musiqili-ədəbi gecə təşkil olunub. Azərbaycanın Əməkdar artisti, bəstəkar, pianoçu Turan Manafzadənin ifasında milli və klassik musiqi əsərləri, həmçinin Şıqayeva-Mitreskanın ifasında Azərbaycan və bolqar dillərində Ağabəyim ağa və Xurşidbanu Natəvanın şeirləri səsləndirilib.

Tədbirdə Sozopol şəhərinin meri, Bolqarıstanda akkreditə olunmuş diplomatlar, yerli sakinlər, media nümayəndələri iştirak ediblər.

“Soleil” Beynəlxalq Frankofoniya Festivalında Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni irsinə dair təşkil olunmuş tədbirlər yerli media tərəfindən geniş işıqlandırılıb.

Sərgilər iyunun 8-dək davam edəcək.