31 may – 7 iyun tarixlərində İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalı keçirilib.
Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil edilən festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə ilə yanaşı, Türk dünyasından ümumilikdə 21 qrupda 250-dək uşaq və yeniyetmə qatılıb. Festival çərçivəsində onlar İstanbulda yürüşlər edib, ölkələrinin folklor, rəqs və xalq musiqisi nümunələrini nümayiş etdiriblər.
Festivalda 15-ci ifaçılıq-səs yarışması da düzənlənib. Yarışmada 12 iştirakçı arasında yer alan və mükafata layiq görülən Bakı Atatürk liseyinin şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəylinin istiqlal şairimiz Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdın, Qara dəniz” mahnısını oxuyublar.
Yarışmanın mükafatçıları arasında Tatarıstan Respublikasından (RF) iştirakçılar, Qazaxıstan heyəti və İraqın Kərkük vilayətindən olan türkmən şagirdlər də yer alıblar.
Tədbirin aparıcısı həmyerlimiz, İstanbul Universitetinin doktorantı, “TRT Radio”da yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi Səidə Ömər bildirib ki, festival ilk dəfə Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri professor Turan Yazqan tərəfindən təşkil olunub. 2012-ci ildə o, dünyasının dəyişdikdən sonra da bu ənənəni vəqfin indiki rəhbəri Közhan Yazqan davam etdirib.
Festivalın əsas məqsədi türkdilli uşaqların Türkiyəni yaxından tanımalarına vəsilə olmaq, eləcə də onları dünyanın müxtəlif bölgələrində yaşayan soydaşları ilə bir araya gətirərək ortaq mədəniyyətlə tanış etmək və dostluq-qardaşlıq bağlarını gücləndirməkdir: “Festival çərçivəsində biz də ortaq mədəni irsimizi və tariximizin tanıdılması üçün bacardığımız dəstəyi verdik. Onu da bildirim ki, İstanbul Fatih Kültür Sənət Mərkəzində səs yarışması ilə başa çatan festivalda münsiflər arasında Azərbaycanın Əməkdar artisti Turan Manafzadə də vardı. Bəstəkar Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə marşını da uşaqlarla bir yerdə səsləndirdi”.