Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb.
BBMM-in mətbuat xidmətidən bildirilib ki, bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti, ADNSU nəzdində Bakı Neft - Energetika Kolleci və Şuşa Humanitar kollecindən ümumilikdə 20 müəllim iştirak edib.
Treninqlər çərçivəsində iştirakçılara “Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti, multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları, Zərdüştilik, Yəhudilik, Buddizm, Konfutsiçilik, Daosizm, Sintoizm, Hinduizm, Çaynizm, Xristianlıq, İslam, Qədim türk inancları, multikulturalizm və media, etnik müxtəliflik və milli ideya, müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi, multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi, etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX) və digər mövzularda mühazirələr təqdim edilib. Daha sonra qeyd olunan mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib.
Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqi uğurla başa vuran müəllimlərə və Mərkəzin beynəlxalq konfranslarında köməklik göstərən könüllülərə sertifikatlar təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi, Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabrından ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə ildə iki dəfə treninqlər təşkil edir.