Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur. Hər ay keçirilən bu qəbildən görüşlərin məqsədi sakinlərin problem və təkliflərini yerində dinləmək, qaldırılan məsələlərin operativ həlli və digər məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə yönəldilməsidir.

Mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə növbəti vətəndaş qəbulu iyunun 7-də İmişlidə keçirilib.

İmişli rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbuldan əvvəl nazir və rayonun icra başçısı Elçin Rzayev Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Əsasən İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarından bir qrup vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər mədəniyyət sahəsinə dair təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Adil Kərimli vətəndaşların ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini, fikirlərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı Mədəniyyət Nazirliyinin məsul nümayəndələrinə tapşırıqlar verib.

Şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqət göstərilməsi, vaxtında və obyektiv baxılması məqsədilə müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

***

Qəbuldan sonra nazir rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.

İmişli rayon Mədəniyyət Mərkəzi, rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı, rayon uşaq musiqi və incəsənət məktəbləri, İmişli Dövlət Rəsm Qalereyası və İmişli Tarix-Diyarşünaslıq Muzeyinə baxış zamanı müəssisələrin fəaliyyəti və cari vəziyyəti haqqında məlumat verilib.

Mədəniyyət ocaqlarında işin günün tələbləri səviyyəsində qurulması, səmərəliliyin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.