Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu tərəfindən 3-9 iyun tarixlərində ölkəmizdə Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi keçirilir.
İyunun 7-də axşam müsabiqənin qalibləri bəlli olub. Xalq artisti Yusif Eyvazovun sədrlik etdiyi beynəlxalq münsiflər heyətinin qərarı ilə yarışmanın Qran-pri mükafatı Kanada təmsilçisi Kler Kulene verilib. I yerə Atəş Qarayev (Azərbaycan) və Stepan Volkov (Rusiya) layiq görülüb. II yeri Maksad Camalov və Leyla Alamanova (hər ikisi Qazaxıstan) paylaşıblar. Rusiya nümayəndəsi Yuliya Sitnikova III mükafatı qazanıb. Monqolustan vokalçısı Mongolkhuu Byambajay və Rusiyanı təmsil edən Samira Qalimova IV olublar.
Atəş Qarayev həm də "Ən yaxşı tenor" hesab edilib. Rusiyadan olan Aleksey Yurkovski Bülbül repertuarından nümunənin ən yaxşı ifaçısı kimi fərqlənib. Daniel Kirillov isə "Ən yaxşı müşayiətçi" kimi seçilib. Azərbaycandan Günel Şirinova müsabiqəsinin "Ümid" mükafatına layiq görülüb. Digər finalçılar Mahir Tağızadə (Azərbaycan), Otobek Nazirov (Qazaxıstan), Polina Hafizova və Nadejda Meyyer (hər ikisi Qazaxıstan) müsabiqənin diplomuna layiq görülüblər.
Qaliblərin mükafatlandırılması mərasimi və qala-konsertlə sonuclanacaq bağlanış mərasimi iyunun 9-da Bülbülün doğma yurdu Şuşada keçiriləcək.
Gülcahan