Ersin Tatar ŞKTC-yə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib

 

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.

Dövlət başçımızın səsləndirdiyi fikirləri xatırladan Ersin Tatar deyib: “Prezident İlham Əliyevin Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin ən yaxın zamanda TDT-nin üzvlüyünə keçməsini dəstəklədiyini, Türk dünyasının bir parçası olması baxımından bunun təbii hal olduğunu vurğulaması, eləcə də bu ölkədə yaşayan türkləri qardaş kimi qəbul etməsi Şimali Kipr türk xalqı üçün olduqca vacib və dəyərlidir. Azərbaycan və Şimali Kipr qardaşlığı eyni millətin nümayəndələri olaraq əbədi yaşayacaq. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev Şimali Kiprə dəstək ifadəli sözləri iyunun 6-da TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasına qatılan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən deyib. Görüşdə ŞKTC Məclisinin sədri Zorlu Tören də iştirak edib. O, Azərbaycan rəhbərinə Ersin Tatarın salamlarını çatdırıb.

Öz növbəsində ŞKTC liderinə salamlarını göndərən İlham Əliyev Ersin Tatarla bir neçə dəfə, o cümlədən Bakıda görüşdüyünü diqqətə çatdırıb: “Siz bilirsiniz ki, burada Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyət günləri keçirilmişdir və hörmətli Ersin Tatar gəlmişdi və görüşmüşdük. Onu mən zirvə görüşünə də dəvət etdim və gələn ay bizim qonağımız olacaq. Bilirsiniz ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi olması ilə əlaqədar Azərbaycan çox fəal çalışırdı, fəal diplomatik səylər göstərmişdir və çox şadam ki, artıq birinci addım atıldı. O ki qaldı, Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvə çevrilməsinə, Azərbaycan olaraq biz bunu dəstəkləyirik. Bu, təbii olar. Şimali Kipr Türk Cümhuriyyəti tarix nöqteyi-nəzərdən türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır. Azərbaycanın bu sahədəki siyasəti hər zaman birmənalı olub. Əminəm ki, Şuşadakı zirvə görüşünə Ersin bəylə bərabər böyük heyət gələcək və orada müzakirə ediləcək məsələlər birliyimizi daha da gücləndirəcək”.