Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub.
İyunun 8-də Bakı vaxtı ilə saat 18:30-da (yerli vaxtla saat 08:30) başlayan uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.
Missiya zamanı T.C.Atasever üzərində Azərbaycan və Türkiyə bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə həyata keçirib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş hüququ qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən “TEKNOFEST”də Türkiyənin ilk astronavtlarının Alper Gezeravcı və Tuva Cihangir Atasever olacağını elan edib. Onlar 36 min namizədin arasından seçilib.
Astronavtlar - Alper Gezeravcı və Tuva Cihangir Atasever bir ildən çox NASA-da ciddi təlim proqramında iştirak ediblər.