Gəncə Dövlət Milli Dram Teatrında 2024-cü ilin repertuar planına uyğun olaraq baş rejissor, Prezident mükafatçısı Elşad Əhmədovun quruluşunda türkiyəli yazar Birgül  Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” sosial dramı üzərində yaradıcılıq işi  yekunlaşmaq üzrədir.

Teatrın ədəbi-hissə müdiri Anar Ərtoğrul Burcəliyevin bildirdiyinə görə, yeni tamaşaya yaxın günlərdə ictimai baxış olacaq.

O, həmçinin bildirib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, teatrda yaradılan “İkinci nəfəs” teatr studiyasında da tədris prosesi uğurla davam etdirilir. Studiyaya qəbul  edilən gənclər teatrın tarixi ənənələrini öyrənməklə yanaşı, aktyor sənətinin sirlərinə, eləcə də nəzəri biliklərə yiyələnə bilirlər.

Teatrın beynəlxalq əlaqələri də inkişaf edir. Teatrın direktoru Aqil Bəhramlı may ayında Rumıniyanın Kraiova şəhərində keçirilən V Şekspir Beynəlxalq Teatr Festivalında fəxri qonaq qismində iştirak edib. Yaradıcı kollektiv rejissor Tural Mustafayevin quruluşunda hazırlanan E.İoneskonun “Kral ölür” pyesinin tamaşası ilə Portuqaliya və Litvada keçiriləcək iki festivala dəvət alıb.

Bundan əlavə, bir sıra xarici teatrlarla müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Gəncə Dövlət Milli Dram Teatrının Gürcüstanın Özurgeti Dram Teatrı, Özbəkistanın Kattakurqan vilayəti Dram Teatrı və Rumıniyanın Kraiova Milli Dram Teatrı ilə yaradıcılıq memorandumları mövcuddur. Bu çərçivədə Özurgeti Dram Teatrının bədii rəhbəri Vasili Çikokidze 2025-ci ilin repertuar planına uyğun olaraq Gəncə teatrında  Nodar Dumbadzenin “Kukaraça” hekayəsinin motivləri əsasında tamaşa hazırlayacaq. Tamaşa hər iki teatrın yaradıcı kollektivi ilə eyni vaxtda oynanılması məqsədilə yaradıcılıq mübadiləsi formasında ərsəyə gələcək. Həmçinin Rumıniyanın paytaxtı  Buxarest şəhərinin Milli Dram Teatrının bədii rəhbəri Feliks Aleksa ilə yaradıcılıq  məqsədli danışıqlar aparılır.