Ağac əkmək, bağ-bağat, yaşıllıq salmaq hər zaman savab iş, xeyirxah əməl sayılıb. Boz torpağı yaşıllığa, güllük-gülüstana qərq edən yer, üstəlik, Vətən uğrunda canını fəda edənlərin xatirəsi ilə bağlıdırsa, o zaman həm də vətənpərvərlik, tarixi yaddaşa ehtiram nümunəsi olur. Torpağı Vətən edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi naminə qurban gedən igidlərin xatirəsi bu gün ölkəmizin hər yerində abidələr, memorial lövhələr, bulaqlar, park-xiyabanlarla əbədiləşdirilir və yaşadılır. Bakının Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin ərazisinin yaxınlığında yerləşən “Şəhidlər parkı” da belə məkanlardan biridir.

Üç il əvvəl salınan park çöl-biyaban ərazini füsunkar məkana çevirib. “Sabit Mühafizə Xidməti” (“SMX”) MMC-nin inzibati binası yaxınlığında təxminən yarım hektar sahəsi olan parkda Qarabağ savaşları şəhidlərinin adlarına, onların ailə üzvlərinin, yaxınlarının iştirakı ilə əkilən ağaclar boy verərək qol-budaq olub. Ətrafda əkilən gül kolları, çiçəklər də buradakı yaşıllığa, sərinliyə öz rayihəsini qatır.

Bağa baxarsan – bağ olar... deyib atalarımız. Bu isə, sadəcə, bir bağ deyil, qəhrəman Vətən övladlarının xatirəsi anılan məkandır. “SMX” MMC-nin kollektivi də burada vaxtlı-vaxtında aqrotexniki qulluqdan ətrafın abadlığına qədər gördüyü bütün işləri şəhidlərə vəfa borcu sayır. Burada Qarabağ savaşları şəhidlərinin portretlərindən ibarət fotostendlər də var. İndiyədək 330-dan çox şəhidin portreti yer alan stendlər qurulub. Üçrəngli bayraqlarımızla yanaşı tarixi Zəfərimizə dəstək verən qardaş Türkiyənin bayraqları da dalğalanır. “Şəhidlər parkı”nda iki “Şəhid bulağı” inşa edilib, ağacların əhatəsində söhbətgah qurulub. Ərazidə yeni ağacların əkilməsi və fotostendlərin qurulması davam etdirilir.

İyunun 7-də “Şəhidlər parkı”nda yeni fotostendin açılışı münasibətilə mərasim keçirildi. Mərasimə stenddə portretləri yer alan qəhrəmanlardan Birinci Qarabağ müharibəsi şəhidləri Cabbarov Cabbar Səməd oğlu (1969–1993) və Məhərrəmov Rahib Böyükkişi oğlunun (1970–1993) ailə üzvləri, yaxınları da dəvət olunmuşdu.

Mərasim iştirakçıları əvvəlcə “SMX” MMC-nin inzibati ərazisində Vətən müharibəsi şəhidi Nəcməddin Sarkayevin (1999–2020) büstü önünə çiçəklər düzərək xatirəsini yad etdilər.

“Sədərək” firmasının mətbuat xidmətinin rəhbəri, tanınmış şair-publisist Kəmaləddin Qədim diqqətə çatdırdı ki, Balakən rayonunda doğulan Nəcməddin Əli oğlu Sarkayev “SMX” MMC-nin əməkdaşı olub, Vətən müharibəsinə könüllü gedib, Ağdərə rayonu ərazisində döyüşdə şəhid olub. 2021-ci ildə burada onun büstü ucaldılıb.

Kəmaləddin Qədim onu da vurğuladı ki, 2021-ci ildə firmanın rəhbərliyi burada “Şəhidlər parkı” salmaqla bağlı “SMX” MMC-nin direktoru Şahlar Səfərovun təşəbbüsünü də təqdirlə qarşılayıb və həm maddi, həm də mənəvi dəstək göstərib. Qeyd etdi ki, park şəhidlərimizin xatirəsinə yaşıl bir abidədir.

Mərasim iştirakçıları “Şəhidlər parkı” ərazisində qurulan yeni fotostendin yanına gəldilər. Fotostendin önünə tər qərənfillər qoyuldu.

Parkda Birinci Qarabağ müharibəsi şəhidləri Cabbar Cabbarovun və Rahib Məhərrəmovun adına ağaclar əkildi. Xatirə şəkilləri çəkdirildi.

Sonra mərasim şəhidlərimizin xatirəsinə açılan ehsan süfrəsi arxasında davam etdi.

***

Haşiyə. Şəhidlər Cabbar Cabbarov və Rahib Məhərrəmov Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl polisində xidmət ediblər. Eyni gündə, 1993-cü il dekabrın 25-də həlak olublar.

Cabbarov Cabbar Səməd oğlu 26 avqust 1969-cu ildə Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. Sovet Ordusu sıralarında hərbi xidmətdən sonra kənddəki kolxozda mülki müdafiə işinin təşkilatçısı kimi əmək fəaliyyətinə başlayıb. 1992-ci ilin dekabrında Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) Post-patrul xidməti (PPX) bölüyündə polis serjantı kimi qulluğa qəbul olunub.

Məhərrəmov Rahib Böyükkişi oğlu 26 iyul 1970-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində doğulub. O da Sovet Ordusu sıralarında hərbi xidmətdən sonra doğma rayona qayıdıb. 1991-ci ildə Cəbrayıl RPŞ-nin PPX bölüyündə polis baş serjantı kimi qulluğa qəbul olunub.

Erməni silahlı qüvvələrinin Cəbrayıl rayonunun kəndlərinə hücumları zamanı hər ikisi polis yoldaşları ilə birlikdə qaynar nöqtələrdə döyüşüblər. 1993-cü ildə Cəbrayılın və Füzuli rayonunun bir hissəsinin işğalından sonra düşmən qüvvələri Füzuli rayonu ərazisində irəliləyərkən ordu hissələri ilə bərabər, Cəbrayıl polisi də ön mövqedə olub. Onlar Füzuli rayonunun Bala Bəhmənli kəndi istiqamətində canlı qüvvə və texnika sarından üstün olan düşmənin hücumlarının qarşısını almış, onu xeyli itki verərək geri çəkilməyə məcbur etmişdilər. 1989-cu ildən 1996-cı ilədək Cəbrayıl RPŞ-də xidmətdə olmuş, Birinci Qarabağ müharibəsi veteranı, istefada olan polis mayoru Şahlar Səfərov 1993-cü ilin 25 dekabrında baş verən həmin döyüşü bu gün də anbaan xatırlayır. Düşmən tankının açdığı atəş nəticəsində mərmi onların olduğu səngərin bir addımlığında partlamışdı. Bu zaman toz-torpaq dumanı bir-birinə qarışmışdı. Əgər onlar vaxtında başlarını səngərə əyməsəydilər, həmin atəş çoxunu məhv edəcəkdi. Tankın ikinci atəşi onların sağ tərəfində olan səngərin ağzına düşdü. Polis yoldaşlarından Cabbar Cabbarov və Rahib Məhərrəmov həlak olmuş, 14 nəfər yaralanmışdı.

Onu da qeyd edək ki, 1994-cü ilin yanvarında Füzuli rayonunun Arazboyu kəndlərinin və Horadiz qəsəbəsinin işğaldan azad olunması əməliyyatında Cəbrayıl polisi də yaxından iştirak edib. Füzuli rayonu istiqamətində döyüşlərdə Cəbrayıl polisindən 4 nəfər şəhid olmuş, 67 nəfər yaralanmışdı. Yoldaşları onların qisasını ilk dəfə o vaxt döyüş meydanında aldılar. Vətən uğrunda canını fəda etmiş cəmi şəhidlərimizin ən böyük qisasını isə rəşadətli Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük müharibəsində tarixi Zəfərlə və 2023-cü ilin antiterror əməliyyatında Qarabağdakı hərbi xunta rejimini darmadağın etməklə aldı.

***

Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Vətənin ərazi bütövlüyü bərpa edilib, torpaqlarımız üzərində suverenliyimiz tam bərqərar olub.

Bu fikirlər şəhidlərimizin xatirə mərasimində bir daha vurğulandı.

Mərasim Quran tilavəti ilə başlandı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndi.

Sonra çıxışlar oldu. “SMX” MMC-nin direktoru Şahlar Səfərov çıxışında qeyd etdi ki, vaxtilə şəhid ailələri ilə keçirdiyimiz tədbirlərə kədər, qüssə hakim idi. Amma artıq dördüncü ildir ki, belə mərasimlərə fərqli əhvalda, Zəfər ruhu ilə qatılırıq. Bizə bu ruhu qaytaran şəhidlik zirvəsinə ucalan Vətən övladlarıdır. Onların xatirəsini, Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Zəfər tarixini əbədi yaşatmaq borcumuzdur.

Diqqətə çatdırıldı ki, “Sədərək” ticarət mərkəzinin yaxınlığında “Şəhidlər parkı”nın salınmasına 2021-ci ilin aprelində başlanılıb. 2021-ci ilin 8 noyabrında, Zəfərimizin ildönümündə parkın təntənəli açılışı olub. Ş.Səfərov bu təşəbbüsə ilk gündən dəstək verən və bu gün də parkın genişlənməsi, daha da abadlaşması üçün dəstəyini davam etdirən “Sədərək” firmasının rəhbərliyinə minnətdarlığını bildirdi.

Şəhid Cabbar Cabbarovun anası Minarə xanım, qardaşı Rza şəhidlərin xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına təşəkkür etdilər.

Mərasim vətənpərvərlik ruhlu, Zəfər tərənnümlü musiqi sədaları altında başa çatdı.

Vüqar Orxan