6-9 iyun tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “AHF Arena” idman kompleksində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan III Uşaq Kitab Festivalı keçirilib.

Festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil olunub.

Festivalı digər kitab festivallarından fərqləndirən 3 tematik günün (“Yaşıl dünya”, “Milli geyimlər”, “Mənim nağıl qəhrəmanım”) təşkil edilməsi olub.

“Yaşıl dünya” günündə təşkil edilən nağıl saatları, kukla tamaşaları və çıxışlar ətraf mühit, ekologiya, təbiət mövzusunda hazırlanıb. Sərgiyə gələn ziyarətçilərə bitki toxumları hədiyyə edilib.

“Milli geyimlər” günündə təşkilatçılar, iştirakçılar və ziyarətçilər milli paltarlara üstünlük veriblər.

“Mənim nağıl qəhrəmanım” günündə isə müxtəlif nağıllar, folklor nümunələrimiz səsləndirilib, kukla tamaşaları, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdirilib.

Qeyd edək ki, 4 gün davam edən festivalda həmçinin oxucular məşhur uşaq yazıçılarından imzalı kitablar əldə edib, onlarla ünsiyyətdə olaraq xatirə şəkli çəkdiriblər.

Nurəddin