Rəşid Behbudov yad olundu

 

Azərbaycanın korifey sənətkarı, dünyaca məşhur müğənni, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun (1915–1989) vəfatının 35-ci ildönümü tamam oldu. Sənətkarın xatirəsi iyunun 10-da Fəxri xiyabandakı məzarı önündə yad olundu.

Anım mərasimində Rəşid Behbudovun yaratdığı və bu gün adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, müğənninin ailə üzvləri iştirak edirdi. Məzarının üzərinə tər çiçəklər düzüldü, ruhuna dualar oxundu, xatirəsi dərin ehtiramla anıldı.

Qeyd edək ki, Dövlət Mahnı Teatrının kollektivi sənətkarın hər anım günündə onun məzarı başına toplaşır. Bir gün əvvəl, iyunun 9-da isə teatrda unudulmaz müğənninin anım gününə həsr olunmuş konsert keçirilib. Konsertdə Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin şagirdləri çıxış ediblər.

Məlahətli səsi ilə könülləri fəth edən Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Sənətdə olduğu 55 il ərzində dünyanın 100-dən çox ölkəsinə səfər edib. Vətənini hədsiz dərəcədə sevən, Azərbaycanın böyük nəğməkarı olan müğənni 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını yaradıb, bu teatrın solisti və bədii rəhbəri olub. O həm də milli kinomuzda (“Arşın mal alan” (1945), “Bəxtiyar”) bənzərsiz obrazlar yaradıb. Unudulmaz ifaçı 1989-cu il iyunun 9-da vəfat edib.

L.Azəri