Mədəniyyət Nazirliyinin dəstəyi və “Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin (GEN Azerbaijan) təşkilatçılığı ilə keçirilən “Mədəniyyətdə marketinq” adlı layihə yekunlaşıb.
Layihə üzrə təlimlərdə dövlət və özəl mədəniyyət müəssisələrində çalışan, yaradıcı sənayelər sahəsində sahibkarlıq fəaliyyəti olan 30 mütəxəssis və sahə üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak ediblər.
Mədəniyyət marketinqi, brendin formalaşdırılması, məhsul menecmenti, sosial media marketinqi, sənət və strategiya, süni zəka alətləri, xalçaçılıqda biznes və digər mövzular üzrə ümumilikdə on təlim keçirilib.
Təlimlərdən sonra iştirakçılar qruplara bölünərək seçilmiş altı mədəniyyət müəssisəsi üçün marketinq planları hazırlayıb və həmin planların təqdimatını keçiriblər.
Sonda iştirakçılara sertifikatlar verilib.
“Mədəniyyətdə marketinq” layihəsinin başlıca məqsədi mədəni və yaradıcı sənayelərin rəqabətə davamlılığının artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək verməkdir. Layihə sahə üzrə mütəxəssislərə mədəniyyət marketinqi üzrə geniş biliklər əldə etməyə və daha sonra həmin bilikləri öz müəssisələrində tətbiq etməyə imkan yaradır.