Xalqlarımız arasında uzun əsrlər ərzində formalaşmış möhkəm dostluq və mehriban qonşuluq ənənələri Azərbaycan ilə Rusiyanın münasibətlərinin uğurlu və ardıcıl inkişafının etibarlı əsasıdır. Biz strateji müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əldə olunmuş səviyyəsini yüksək qiymətləndiririk.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun – Rusiya Günü (1990-cı ildə Rusiya Federasiyasının dövlət suverenliyi haqqında bəyannamənin qəbul edildiyi gün – red.) münasibətilə Prezident Vladimir Putinə göndərdiyi təbrik məktubunda yer alıb.

Azərbaycan Prezidenti Vladimir Putinin şəxsində Rusiyanın bütün dost xalqını təbrik edib.

“Bu gün bizim ikitərəfli gündəliyimizdə əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən və şübhəsiz, həyata keçirilməsinin təkcə ölkələrimizə və xalqlarımıza deyil, həm də bütövlükdə regionun rifahına xidmət edən məsələlərin geniş spektri yer alır. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri və dost ölkələrimizin maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyət gələcəkdə də yüksələn xətlə səmərəli şəkildə inkişaf edəcək, yeni məzmun və birgə layihələrlə zənginləşəcək”, – deyə məktubda vurğulanır.