Azərbaycanın Avstriyadakı səfirliyində məşhur aktyor Hans Mozerin (1880–1964) vəfatının 60 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş fotosərgi təşkil olunub.

Tədbirdə Vyana şəhərinin meri Mixael Ludviq, digər rəsmilər, aktyorun ailə üzvləri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına 150-dən çox filmə çəkilmiş aktyor haqqında sənədli film nümayiş olunub.

Səfir Rövşən Sadıqbəyli tədbiri açaraq bildirib ki, 2001-ci ildən Azərbaycan səfirliyi şəhər sakinləri arasında “Hans Mozer villası” kimi tanınan binada yerləşir. Diplomat görkəmli aktyorun 30 ildən çox yaşadığı villada Hans Mozer sənətinin pərəstişkarlarına xüsusi seçilmiş fotolardan ibarət sərginin ərməğan edilməsindən məmnunluğunu ifadə edib.

Vurğulanıb ki, 150-dən çox filmdə çəkilən, çox sayda tamaşada və operettalarda baş rol alan, eyni zamanda xalq mahnılarının mahir ifaçısı olan Hans Mozerin çıxışları özünəməxsus və müstəsna yumor üslubu ilə seçilib və bu, ona həm ölkə daxilində, həm də xaricdə tamaşaçılarının qəlbini fəth etməyə imkan verib. H.Mozer Avstriyada gənc aktyor nəsli üçün ilham mənbəyi idi.

Səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycan bir vaxtlar Avstriya kino sənətinin ikonası olmuş Hans Mozerin villasını tarixi və mədəni irs kimi qoruyur və səfirlikdə təşkil edilmiş fotosərgi Avstriya xalqına, onun mədəniyyətinə və tarixinə olan diqqətin nümunəsidir. Çünki Hans Mozer irsi Avstriya və Azərbaycan xalqlarını bir araya gətirən daha bir bağdır.

Vyana şəhərinin meri Mixael Ludviq çıxışında Hans Mozerin Avstriya xalqının qəlbində tutduğu yerdən və xarakterik vyanalı obrazlarından bəhs edib. Mer aktyorun xatirəsinə göstərilən ehtirama, təşkil olunan tədbirlərə və səfirlik məqsədləri üçün adaptasiya edilmiş villanın bərpasına görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirib.

Avstriya Film Akademiyasının təmsilçisi Oliver Ştanql çıxışında Hans Mozerin kinoaktyor kimi yaradıcılığına nəzər salıb, onun canlandırdığı obrazlardan bəhs edib.

Tədbirin bədii hissəsində gənc azərbaycanlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələrin mükafatçısı Ayan Məmmədli Hans Mozerin çəkildiyi filmlərə bəstələnmiş musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Sonra qonaqlar fotosərgi ilə tanış olublar. Sərgidə H.Mozerin bu gün Azərbaycan səfirliyinin yerləşdiyi villada müxtəlif illərdə ailə üzvləri, dostlar və qonaqları ilə çəkilmiş fotoları, həyatının önəmli anlarının əks olunduğu şəkillər nümayiş olunub.